BAKI, 31 iyul. TELEQRAF

Çexiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf xəbər verir ki, komandanın sükanı arxasına ispaniyalı mütəxəssis Santi Denia keçib. Bu barədə Çexiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

52 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb. Sözləşmədə müddətin uzadılması bəndi də yer alıb. Denia Dünya çempionatından sonra vəzifəsindən ayrılan Miroslav Koubeki əvəzləyib.

Santi Denia Çexiya millisinin tarixində ilk əcnəbi baş məşqçi olub. Onun məşqçilər korpusunda daha əvvəl İspaniya millisində Luis de la Fuentenin köməkçisi kimi çalışan Pablo Amo da yer alacaq.

Denia uzun illər İspaniyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında fəaliyyət göstərib. Onun rəhbərliyi altında İspaniya 2024-cü il Yay Olimpiya Oyunlarının, həmçinin U-17 və U-19 Avropa çempionatlarının qalibi olub.

İspaniyalı mütəxəssisin son iş yeri Qətərin “Əl-Şəhaniyyə” klubu olub.

Denia Çexiya millisində debütünü sentyabrda Millətlər Liqasında edəcək.