BAKI, 31 iyul. TELEQRAF
“Burada söhbət təkcə motivasiyadan deyil, bütün komandanın taktiki savadından gedir”.
Teleqraf xəbər verir ki, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ı penaltilər seriyasında məğlub etdikləri oyundan sonra ÇSKA-nın baş məşqçisi Xristo Yanev deyib.
Bolqarıstanlı mütəxəssis qələbənin düzgün taktiki hazırlığın nəticəsi olduğunu bildirib:
“Bu günlər ərzində gördükləri işə görə bütün məşqçilər korpusunu təbrik edirəm. Onlar rəqibin necə oynadığını, ona necə müqavimət göstərməli olduğumuzu müəyyənləşdirdilər və ən uyğun taktikanı seçdilər. Bilmirəm, Bolqarıstanda insanlar nə qədər böyük klub və komandanı mübarizədən kənarlaşdırdığımızı dərk edirlərmi?”
Baş məşqçi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun təcrübəsinə də diqqət çəkib:
“Qarşımızda 17 illik təcrübəyə malik, “Çelsi” və “Benfika” kimi komandaları məğlub etmiş baş məşqçi var idi. Bizim üçün insanların gördüyümüz işin pis olmadığını anlaması çox vacibdir. Özümüzə inanmalı, doğru yolda olduğumuzu bilməli və iş planımıza köklənməliyik”.
Qeyd edək ki, əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan görüşdə ÇSKA penaltilər seriyasında 5:4 hesablı qələbə qazanıb.