BAKI, 31 iyul. TELEQRAF

“Biz bu qarşılaşmanın aşkar autsayderi idik. Düşünürəm ki, bacardığımızı etdik. İlk oyunda öz meydanımızda yaxşı nəticə qazandıq, bu gün də istəyimizə çatdıq”.

Bunu Teleqraf-a açıqlamasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Zirə” ilə heç-heçə edən (1:1) “Payde”nin futbolçusu Henri Anyer deyib.

O, komandasının əlinə düşən imkanlardan səmərəli istifadə etdiyini bildirib:

“Futbolçularımız çox yaxşı mübarizə apardılar. Rəqibin daha çox qol vəziyyəti oldu və doğma azarkeşlər də onları dəstəkləyirdilər. Amma mən komandama inanırdım. Ehtiyat oyunçular skamyasından meydana daxil olan iki təcrübəli futbolçumuz təhlükəlidir. Əllərinə düşən bir imkandan istifadə edib qol vurdular”.

Henri Anyer mərhələ adlamağın klub üçün böyük uğur olduğunu vurğulayıb:

“Biz kiçik ölkəni təmsil edirik. Bu nəticə klubumuz üçün böyük nailiyyətdir. Komandamıza görə çox sevinirəm”.

Futbolçu Azərbaycan futbolu və Bakı barədə də fikirlərini bölüşüb:

“Azərbaycan futbolu haqqında yalnız xoş sözlər deyə bilərəm. Burada güclü çempionat və keyfiyyətli futbolçular var. Bu regionda oyunlar heç vaxt asan olmur. Bakı gözəl şəhərdir, insanlar isə çox mehriban və qonaqpərvərdirlər”.

Anyer meydanda yaşanan gərginliyə də münasibət bildirib:

“Bu, futboldur. Meydanda belə hadisələr baş verir. Sonda hamımız dostuq və komandalar bir-birinə uğurlar arzulayırlar. Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik. Məşqçilərim və futbolçularımızla fəxr edirəm”.

Qeyd edək ki, ilk görüşdə “Payde”yə 0:1 hesabı ilə uduzan “Zirə” iki oyunun nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb.