BAKI, 31 iyul. TELEQRAF
“Futbolun bu tərəfinin çox pis olduğunu düşünürəm. Çoxlu qol vəziyyətinə girdik, saysız-hesabsız imkanlarımız oldu. İki zərbəmiz dirəkdən qayıtdı. Sanki bu gün top qapıya daxil olmaq istəmirdi”.
Bunu Teleqraf-a açıqlamasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Payde” ilə heç-heçə edən (1:1) “Zirə”nin türkiyəli futbolçusu Eren Aydın deyib.
O, komandasının yaxşı oyun nümayiş etdirdiyini bildirib:
“İlk matçda da zərbəmiz dirəkdən qayıtmış, qol imkanlarımız boşa çıxmışdı. Çox yaxşı futbol oynadıq, amma Allah belə qismət edib. Ediləsi bir şey yoxdur. İndi qarşıdakı çempionat oyunlarına köklənmək istəyirik”.
Eren Aydın meydana gözlənilmədən daxil olmasına da münasibət bildirib:
“Əslində, bir qədər hazırlıqsız yaxalandım. Amma təlim-məşq toplanışını yaxşı keçirmişdik. Düşünürəm ki, ötən mövsümlə müqayisədə daha yaxşı futbol oynayırıq. Çox yaxşı çalışmışıq. Qismət belə imiş”.
Türkiyəli futbolçu “Zirə”nin mərhələni keçməyə layiq olduğunu vurğulayıb:
“Bu gün çox yaxşı futbol nümayiş etdirdik. Rəqibin cəmi iki zərbəsi oldu. Onlardan biri dirəyə dəydi, digəri isə qolla nəticələndi. Komandamızın yaxşı oynadığını düşünürəm və bu fikrimin arxasındayam. Mübarizəni dayandırmağa layiq futbol oynamadıq. Rəqibi də təbrik edirəm. Gücləri çatan qədər mübarizə apardılar və bunun hesabına mərhələni keçdilər. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Eren Aydın fasilədə əvəzlənməsini yorğunluqla əlaqələndirib:
“Futbolda belə hallar olur. Bir qədər yorğun idim. Bu, baş məşqçinin qərarıdır və biz onun qərarlarının sonadək arxasındayıq. Baş məşqçimizə hörmət edirik. Ola bilsin, yorğunluğa görə məni əvəzlədi”.
Futbolçu qarşılaşmanın hakimliyindən narazı qalıb:
“Düşünürəm ki, hakim matçın əvvəlindən lazımlı-lazımsız epizodlarda çoxlu qayda pozuntusu qeydə aldı. Rəqibə toxunduğumuz, demək olar, hər epizodda fit səsləndirirdi. Son vəziyyətdə top əvvəlcə dirəyə dəydiyi üçün hakim onun rəqib futbolçunun əlinə toxunduğunu görmədi. Ehtiyat oyunçular skamyasında olan hər kəs bunu gördü. VAR sistemi olmadığı üçün penalti təyin edilmədi. Hakimin qərarına hörmət etmək lazımdır”.
Qeyd edək ki, ilk görüşdə “Payde”yə 0:1 hesabı ilə uduzan “Zirə” iki oyunun nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb.