BAKI, 29 iyul. TELEQRAF

“İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm”.

Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Minsk) ilə cavab matçından əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis ilk oyunda 2:4 hesabı ilə məğlub olsalar da, cavab görüşündə geridönüş edə biləcəklərinə inandığını bildirib:

“Belə oyunlardan sonra psixoloji zərbə almış oluruq. Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik. Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim sərəncamımdadırlar. Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar”.

Qeyd edək ki, “Dinamo” (Minsk) – “Neftçi” cavab oyunu iyulun 30-da Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. İlk görüşdə Belarus təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.