“Çətin oyun olacaq. Artıq nə etməli olduğumuzu bilirik. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək”.

Teleqraf xəbər verir ki, bu sözləri Estoniyanın “Payde” klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçiriləcək cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis komandasının sabahkı qarşılaşmaya tam hazır olduğunu bildirib:

“İlk oyunda “Zirə”nin üstün olduğunu düşünmürəm. Biz rəqibi daha çox sıxışdırmışdıq. Bəli, ilk hissədə “Zirə” müəyyən üstünlüyə malik idi. Amma bu o demək deyil ki, sabahkı oyunda müdafiədən oynayacağıq. Hazırda tam formadayıq və matça hazırıq”.

Kink “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov haqqında da fikirlərini bölüşüb:

“Rəşad Sadıqovun hansı dövrdə oynadığını xatırlamıram. Azərbaycan millisinə qarşı futbolçu kimi cəmi iki dəfə oynamaq şansım olub. Həmin görüşlərdə Rəşad Sadıqovla üz-üzə gəlib-gəlmədiyimi də xatırlamıram”.

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıtda "SOCAR Palmer Arena"da keçiriləcək.