BAKI, 29 iyul. TELEQRAF
FIFA prezidenti Canni İnfantino dünya çempionatının hüquqlarının bir hissəsinin xarici investorlara satılması planının təsdiqlənməsi müqabilində təşkilata üzv olan hər bir assosiasiyaya 40 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, söhbət dünya çempionatının hüquqlarının bir hissəsinin satışından əldə olunacaq gəlirin bölüşdürülməsindən gedir. Təklif FIFA-nın 211 üzv assosiasiyasına ünvanlanıb və onların qərar verməsi üçün 53 gün vaxt ayrılıb.
Canni İnfantino assosiasiyalara ünvanladığı məktubda yekun qərarın onların ixtiyarında olduğunu vurğulayıb. Plan təsdiqlənərsə, 2027-ci il yanvarın 1-dən etibarən ümumi həcmi 10 milyard ABŞ dolları olan maliyyələşdirmə paketi qüvvəyə minəcək və bu, əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq.
Assosiasiyalar təklifi rədd edəcəyi təqdirdə isə FIFA daha əvvəl elan etdiyi maliyyələşdirmə proqramını qüvvədə saxlayacaq və onun həcmini əlavə 2,7 milyard ABŞ dolları artıracaq.
Bununla belə, xarici investorların cəlb olunmasına qarşı çıxan bəzi mənbələr İnfantinonun bu təklifini dünya çempionatının hüquqlarının satışına razılıq almaq üçün üzv assosiasiyaları təşviq etmək, hətta rüşvət xarakterli addım kimi qiymətləndiriblər.