BAKI, 29 iyul. TELEQRAF
“Sabah bizi “Payde” ilə oyun gözləyir. İlk qarşılaşmada səfərdə məğlub olmuşuq. Hazırda rəqib üstünlüyə malikdir. Lakin azarkeşlərimizin önündə mərhələni keçən tərəf olmaq istəyirik”.
Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna qarşı keçiriləcək cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya hazırlıqla bağlı bütün detalları açıqlaya bilməyəcəyini bildirib:
“Bir çox suala istədiyim şəkildə cavab verə bilmərəm. Çünki müəyyən məxfi məqamlar var. Bəzi sualların cavabını, inşallah, sabahkı oyundan sonra keçiriləcək mətbuat konfransında açıqlayacağam”.
Sadıqov ilk görüşün ümumi təhlilindən razı qaldığını söyləyib:
“Ümumilikdə oyun istədiyimiz kimi keçdi. Qarşılaşmanın 90 dəqiqəsini təhlil etdikdə komandanın çıxışından razı qaldığımızı deyə bilərəm. Oyuna nəzarət edən tərəf biz idik.
Lakin qarşımızda təcrübəli və nəticəyə hesablanmış futbol oynamağı bacaran komanda var idi. Bunu həm oyun zamanı hiss etdik, həm də sonrakı təhlildə aydın gördük. Rəqib bizi yaxşı təhlil etmiş və nəticə qazanmaq üçün uyğun oyun planı hazırlamışdı”.
Baş məşqçi komandasının ilk hissədə yaratdığı imkanlardan yararlana bilmədiyini vurğulayıb:
“Birinci hissədə fərqlənməli idik. Təəssüf ki, yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. İkinci hissənin müəyyən dəqiqələrində oyun bərabər səviyyədə keçdi. Bəzi epizodlarda rəqib, bəzi anlarda isə biz üstünlük əldə etdik”.
O, qarşılaşmanın son dəqiqələrindəki çıxışdan narazı qaldığını qeyd edib:
“Son 10 dəqiqə heç istəmədiyimiz şəkildə keçdi. Rəqib bu müddətdə çoxsaylı künc zərbələri və standart vəziyyətlər qazandı. Aut atışından sonra buraxdığımız qol bizi olduqca məyus etdi”.
Sadıqov futbolda yaxşı oyunun hər zaman müsbət nəticə üçün kifayət etmədiyini bildirib:
“Futbolda kifayət qədər təcrübəm var və bilirəm ki, yaxşı oynamaq hər zaman nəticə qazanmaq üçün kifayət etmir. Oyun istədiyin kimi gedə bilər, amma rəqib hər an nəticəni dəyişə bilər. Buna görə də sabah həm yaxşı oynamaq, həm də yaxşı nəticə qazanmaq istəyirik”.
“Zirə”nin çalışdırıcısı rəqibin təcrübəli komandaya malik olduğunu diqqətə çatdırıb:
“Qarşımızdakı rəqib təcrübəlidir. Heyətində kifayət qədər təcrübəli futbolçu var. Baş məşqçiləri də təcrübəli mütəxəssisdir. Futbolçu olduğu dövrdə güclü çempionatda çıxış edib. Sabah əlimizdən gələni edəcəyik. Məqsədimiz oyun planımızı meydanda həyata keçirmək və istədiyimiz nəticəni qazanmaqdır”.
Mütəxəssis cavab qarşılaşmasında komandaların oyun sistemlərində ciddi dəyişiklik gözləmədiyini söyləyib:
“Düşünürəm ki, komandaların oyun sistemlərində ciddi dəyişiklik olmayacaq. Ola bilər ki, rəqib ilk görüşün ikinci hissəsindəki çıxışından sonra bizə qarşı daha inamlı və güclü oynasın. Bunu gözləyirik.
İlk hissədə böyük üstünlüyə malik idik. İkinci hissədə isə oyun müəyyən dəqiqələrdə bərabər səviyyədə keçdi. Bəzi epizodlarda rəqib, bəzi anlarda isə biz üstünlük qazandıq”.
Sadıqov “Zirə”nin ilk dəqiqələrdən öz oyununu göstərməyə çalışacağını vurğulayıb:
“Rəqibin sabahkı qarşılaşma üçün öz planı olacaq. Onların meydanda necə davranacağını dəqiq bilmirik. Ancaq bizim də öz istəyimiz və oyun planımız var. İlk dəqiqələrdən meydanda öz futbolumuzu oynamağa çalışacağıq”.
Baş məşqçi ilk görüşdə etdiyi dəyişikliklə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Görürsünüz ki, bizdə hər məsələ çox dərindən təhlil olunur. Bəzən mütəxəssis olaraq bundan biz də əziyyət çəkirik. Məsələn, 55-ci dəqiqədə etdiyim dəyişikliklə bağlı sual veriləndə düşünürəm ki, mənim yerimdə olan başqa məşqçi də eyni qərarı verərdi”.
Sadıqov İsa Cibrilanın fiziki durumu barədə də məlumat verib:
“Həmin dəyişiklikdən sonra meydanda müəyyən taktiki yerdəyişmələr etdik və müdafiəni gücləndirdik. İsa ötən mövsüm, deyilənlərin əksinə olaraq, problemsiz mövsüm keçirməyib. O, altı dəfə zədələnib. Müxtəlif vaxtlarda dörd ay, bir ay və üç həftə meydana çıxa bilməyib. Finaldan əvvəl də ciddi zədə aldı və təxminən bir ay bərpa prosesi keçdi.
Özünüz də görürsünüz ki, onu oyunlara tədricən hazırlayırıq. “Payde” ilə səfər matçında ilk dəqiqələrdən meydana buraxsaq da, yüz faiz hazır olmadığını bilirdim. Sadəcə, bu qarşılaşmada ona ehtiyacımızın olacağını düşünürdüm. İstəyirdim ki, sabahkı matçdan əvvəl müəyyən oyun təcrübəsi qazansın. Ümid edirəm ki, İsa sabah yaxşı çıxış edəcək”.
Sadıqov avrokuboklarda mübarizə aparan digər Azərbaycan klublarına da uğurlar arzulayıb:
“Digər tərəfdən, “Neftçi”, “Qarabağ” və “Sabah” komandalarına qarşıdakı oyunlarda uğurlar arzulayıram. Hər birimizi maraqlı və gərgin qarşılaşmalar gözləyir”.
O, Azərbaycan klublarının avrokuboklardakı uğurlu çıxışının ölkə futboluna böyük təkan verəcəyini bildirib:
“Azərbaycan futbolsevəri və ölkə futbolunun təmsilçisi kimi çox istərdim ki, dörd komandamız da pley-off mərhələsinə yüksəlsin. Ən böyük arzumuz ən azı iki-üç təmsilçimizin əsas mərhələyə vəsiqə qazanması, digərlərinin isə pley-offadək irəliləməsidir. Bu, Azərbaycan futbolunun inkişafına böyük təkan verər”.
Qeyd edək ki, Sumqayıtda keçiriləcək “Zirə” – “Payde” cavab oyunu iyulun 30-da saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Estoniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.