BAKI, 29 iyul. TELEQRAF

Bakıda keçirilən U-17 dünya çempionatında bu gün Azərbaycan millisinin 8 güləşçisi xalça üzərinə çıxacaq.

Teleqraf xəbər verir ki, yunan-Roma güləşi üzrə iki idmançı qızıl, ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq.

45 kq çəki dərəcəsində çıxış edən Əli Cavadlı finalda ABŞ təmsilçisi Raylen Vaksla üz-üzə gələcək. 51 kq-da mübarizə aparan Abdurrahman Hüseynli isə həlledici qarşılaşmada Özbəkistan güləşçisi Bunyod Hasanovla qüvvəsini sınayacaq.

Ötən gün yarımfinalda məğlub olan Elmir Çərkəzov (60 kq) bürünc medal uğrunda görüşə çıxacaq. 92 kq-da yarışan Zöhrab Səfərov isə əvvəlcə təsəlliverici qarşılaşmada iranlı Amirreza Mehritalarpoşti ilə güləşəcək. Qələbə qazanacağı halda, bürünc medal uğrunda görüşmək hüququ əldə edəcək.

Bu gün eyni zamanda qadın güləşi yarışlarına da start veriləcək. Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulacaq.

43 kq çəki dərəcəsində Vəfa Orucova Rumıniya təmsilçisi Valia Harsanla 1/8 final mərhələsində qarşılaşacaq. 49 kq-da Nəzrin Əhmədli Almaniya idmançısı Madina Bayramovaya qarşı xalçaya çıxacaq.

Təsnifat mərhələsində isə 57 kq-da Qaratel Quliyeva İsveçrə təmsilçisi Delya Qislerlə, 65 kq-da isə Rəna Nuriyeva Meksikadan olan Silviya Espinoza Munizlə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi üzrə artıq üç medal qazanıb. İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib olublar.

Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.