BAKI, 28 iyul. TELEQRAF

“Tez-tez demişəm ki, Fransa millisindən daha vacib heç nə yoxdur. Buna görə də komandanın baş məşqçisi olmaq mənim üçün böyük sevinc və əlbəttə, böyük qürurdur. Bu, eyni zamanda böyük məsuliyyətdir”.

Teleqraf xəbər verir ki, bunu Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan mətbuat konfransında deyib.

Fransalı mütəxəssis milli komandada çalışmasının futbol və şəxsi həyatı arasında tarazlığı qorumasına imkan verəcəyini bildirib:

“Bu, klubda işləməkdən fərqli vəzifədir, amma məni qorxutmur. Məhz bunu istəyirdim. Şəxsi həyatımla Fransa millisindəki işim arasında balans yarada biləcəyəm. Bu, məni tamamilə qane edir”.

Zidan İspaniyanın “Real Madrid” klubundan ayrıldıqdan sonrakı fəaliyyəti barədə də danışıb:

“Boş oturmamışam. Çoxlu oyun izləmişəm, hətta ‘Real Madrid’də işlədiyim dövrdən də çox. Fransa millisini ümumi şəkildə diqqətlə izləmişəm və bir çox məqamı qeydə almışam”.

Qeyd edək ki, Fransa Futbol Federasiyası Zinəddin Zidanla dördillik müqavilə imzalayıb.