BAKI, 28 iyul. TELEQRAF

Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubunda formasının üzərində ləqəbindən istifadə edə bilməyəcək.

Teleqraf xəbər verir ki, Çili çempionatının reqlamentinə əsasən, futbolçuların formasında yalnız ata, ana və ya hər iki soyadın qeyd olunmasına icazə verilir. Ləqəb və təxəllüslərdən istifadə etmək qadağandır.

40 yaşlı qapıçının tam adı Jozimar Joze Evora Diasdır. “Vozinya” isə onun ləqəbi olduğu üçün futbolçu yeni komandasında “Evora”, “Dias” və ya “Evora Dias” yazılmış forma ilə çıxış etməlidir.

Qaydanın pozulacağı təqdirdə qapıçıya sarı vərəqə göstərilə, Çili klubu isə cərimələnə bilər. Vozinya yalnız xüsusi icazə alınacağı və ya reqlament dəyişdiriləcəyi halda formasında əvvəlki addan istifadə edə biləcək.

Qeyd edək ki, “Kolo-Kolo” rəhbərliyi Kabo-Verde millisinin üzvü ilə razılıq əldə olunduğunu açıqlayıb. Futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.