BAKI, 27 iyul. TELEQRAF

“Sabah” keyfiyyətli komandadır. Amma evdə üstünlüyümüz olacaq”.

Teleqraf xəbər verir ki, bu sözləri Finlandiyanın KuPS klubunun müdafiəçisi Kasim Adams UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu ərəfəsində klubun rəsmi saytına açıqlamasında deyib.

Qanalı futbolçu Bakıda keçirilən ilk oyunun onlar üçün asan keçmədiyini bildirib:

“Bakıda çox fiziki mübarizə getdi. “Sabah” çox keyfiyyətli komandadır və oyun bizim üçün asan olmadı. Həmin matçın ən müsbət tərəfi odur ki, elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır”.

Adams doğma meydanda nəticənin fərqli olacağına inandığını da söyləyib:

“Ev oyunu tamamilə fərqli olacaq. Azarkeşlərimiz bizi dəstəkləyəcək, biz də meydanda əlimizdən gələni edəcəyik. Öz meydanımızda və öyrəşdiyimiz örtükdə oynamağımız üstünlükdür. Bununla belə, “Sabah” çox keyfiyyətli komandadır. İlk dəqiqələrdən hazır olmalı və yüksək səviyyədə çıxış etməliyik”.

Qeyd edək ki, KuPS – “Sabah” cavab görüşü sabah Bakı vaxtı ilə saat 19:00-da Kuopiodakı Vare Arenada keçiriləcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.