BAKI, 27 iyul. TELEQRAF

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandası ilə Bakıda keçirdiyi ilk oyunda zədələnən qapıçı Emil Balayevin cavab görüşündə oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.

Bu barədə Teleqraf-a “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, görüşün 46-cı dəqiqəsində dizindən zədələnərək Rza Cəfərovla əvəzlənən 32 yaşlı qolkiper bərpa prosesindədir:

"Emil Balayev dünəndən etibarən məşqlərin 70 faizində iştirak edir. Bu gün də hazırlığını davam etdirəcək. Əgər ağrıları olmasa və hər hansı problem yaşanmasa, məşqlərini davam etdirəcək. Bu halda komanda ilə birlikdə səfərə yollanacaq”.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyun “Neftçi”nin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakı təmsilçisi iyulun 30-da Macarıstanda “Dinamo” (Minsk) ilə cavab görüşünə çıxacaq.