BAKI, 23 iyul. TELEQRAF
"Yaxşı komandaya qarşı oynayırdıq. Birəbir mübarizələrdə çox yaxşı idilər. Bir qədər ola bilər ki, baxımlı oyun olmadı".
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya (Bolqarıstana) qarşı keçirilən ilk oyun (0:0) sonrası təşkil olunan mətbuat konfransında deyib.
"Hava şəraiti hər iki komanda üçün də eyni idi. Azarkeşlər üçün daha sərin olması daha yaxşı olardı. Futbolçular üçün bir qədər çətin olur. Daha çox enerji sərf edirlər. Hava sərin olsa, azarkeşlər üçün daha maraqlı oyun olardı.
Rəqiblər həmişə fərqli olur. Bizdə də həm heyət, həm oyun baxımından dəyişikliklər olur. Biz həmişə düşünülən "Qarabağ"dan yaxşı olmalıyıq. Bütün rəqiblərimiz bizə hörmətlə, daha ciddi yanaşırlar. Niyyətimiz həmişə olduğumuzdan yaxşı olmaqdır. Ola bilər bu gün olmasın, amma bu, bəlkə də 1 il sonra, yaxud daha tez olacaq".
Baş məşqçi Elvin Cəfərquliyevin start heyətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Komandada müəyyən disbalans var. Hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə bilinəcək ki, Elvin bu cür davam etsə, bəli...Yaxşı olacaqsa, niyə də start heyətinə qoymayım?! Yaxın vaxtda onun vəziyyəti daha dəqiq məlum olacaq. Bizimlə qalsa, start heyətində də yer ala bilər. Bu, bütün futbolçulara aiddir. İstər Elvin, istərsə də başqası, dəyişiklik get-gedə daha çox olacaq".