BAKI, 11 iyul. TELEQRAF

Belçika millisinin qapıçısı Tibo Kurtua yığmadakı çıxışlarına bir il müddətinə ara vermək niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, futbolçunun açıqlamasını jurnalist Alberto Pereyro "X" sosial şəbəkəsində paylaşıb.

Belçika millisi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Kurtua həmin oyunun 71-ci dəqiqəsində zədə səbəbindən əvəzlənib.

“Mən bir il istirahət etmək, sonra isə seçmə mərhələ oyunlarında və Avropa çempionatında çıxış etmək istəyirəm. Bu planın Belçika millisinin rəhbərliyini qane edib-etməyəcəyini bilmirəm”, - deyə qolkiper bildirib.

34 yaşlı Kurtua 2018-ci ilin yayından Madridin Real Madrid klubunda çıxış edir. O, bu komandanın heyətində üç dəfə İspaniya çempionu olub, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və İspaniya Superkubokunun qalibi adını qazanıb. Bundan başqa, o, İspaniya Kubokunu, Klublararası Dünya Çempionatını və Qitələrarası Kuboku da qazanıb.

Karyerası ərzində Kurtua Belçikanın Genk, İngiltərənin Chelsea və İspaniyanın Atlético Madrid komandalarında da çıxış edib.

Qapıçı Belçika millisi ilə birlikdə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, Kurtua 2023-cü ilin yayından 2025-ci ilə qədər Belçika millisinin sabiq baş məşqçisi Domeniko Tedesko ilə yaşadığı münaqişə səbəbindən yığmada forma geyinməyib. Mütəxəssis ötən ilin yanvarında vəzifəsindən ayrılıb.