BAKI, 10 iyul. TELEQRAF
2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Mərakeşlə qarşılaşan Fransa millisinin hücumçusu Kilian Mbappe bir oyunda iki tarixi rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 27 yaşlı “Real Madrid”in forvardı görüşə start heyətində çıxmaqla Dünya Çempionatı tarixində 20 oyuna çıxan ən gənc futbolçu olub.
O, bununla 1982-ci ildən bəri qüvvədə olan rekordu yeniləyərək, 28 yaş 34 günlük olarkən bu göstəriciyə çatan Polşa millisinin sabiq müdafiəçisi Vladislav Jmudanı geridə qoyub.
Mbappe matçın 25-ci dəqiqəsində Nasir Mazraouinin müdaxiləsindən sonra komandasına penalti qazandırıb. Lakin 28-ci dəqiqədə yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini Mərakeş millisinin qapıçısı Yassin Bunu dəf edib.
Bununla da fransız ulduz milli komandada oyun vaxtı və penaltilər seriyası da daxil olmaqla ardıcıl 15 dəqiq penalti seriyasını başa vurub. O, daha əvvəl sonuncu dəfə AVRO-2020-nin 1/8 finalında İsveçrə ilə matçın penaltilər seriyasında (3:3, 4:5) səhvə yol vermişdi.
Eyni zamanda, Mbappe Fransa millisinin Dünya çempionatları tarixində verilən penaltilərdən birini qaçıran cəmi ikinci futbolçu olub. İlk belə hal 2014-cü ildə İsveçrə ilə oyunda Kərim Benzema tərəfindən yaşanmışdı.
Buna baxmayaraq, Mbappe 60-cı dəqiqədə Desire Duenin məhsuldar ötürməsindən sonra hesabı açmağı bacarıb. O, bu qolla turnirdəki 8-ci, Dünya çempionatları tarixində isə 20-ci qolunu vuraraq Argentina millisinin hücumçusu Lionel Messinin göstəricisinə çatıb. DÇ tarixində ən çox qol vuran futbolçu isə 21 qolla məhz Messidir.
Qeyd edək ki, hazırda davam edən qarşılaşmada Fransa millisi Mərakeş üzərində 2:0 öndədir.