BAKI, 8 iyul. TELEQRAF
“Çox güclü rəqiblə qarşılaşdıq. Üç topun əvəzini çıxmaq çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.
Teleqraf xəbər verir ki, bu sözləri Gürcüstan təmsilçisi “Torpedo”nun baş məşqçisi Drik Şuster UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə”yə 0:3 hesabı ilə məğlub olduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis matçın əvvəlində komandasının istədiyi oyunu göstərə bilmədiyini bildirib:
“Çox güclü rəqiblə qarşılaşdıq. İlk dəqiqələrdə oyunumuz alınmadı. Daha çox fərdi hərəkətlərə üstünlük verirdik. Amma 30-cu dəqiqədən sonra komandamız konsentrasiyanı itirdi və rəqib hücumlarını daha düzgün qurmağa başladı.
Biz bu oyuna hazırlaşmışdıq. Planımız burada qol vurmaq və cavab matçında daha yaxşı oyun göstərmək idi. Amma göründü ki, rəqib komanda daha yaxşı hazırlaşmışdı. Onların taktiki gedişləri var idi. İkinci hissədən sonra oyunun idarəsini əldən buraxdıq”.
Şuster cavab görüşündə mübarizəni davam etdirəcəklərini vurğulayıb:
“Üç topun əvəzini çıxmaq çox çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, dönüş yaradaq. Futbolda hər şey mümkündür. Elə oyunlar olur ki, komandalar 0:3, hətta 0:4-dən də geri qayıdırlar. Bu da istisna deyil. Cavab matçında daha konkret və taktiki oyun göstərməyə çalışacağıq”.
Baş məşqçi azarkeşlərin davranışı ilə bağlı suala da münasibət bildirib:
“Həmin epizodu görməmişəm. Amma əgər belə bir hal olubsa, hesab edirəm ki, bu, düzgün davranış deyil. Bununla belə, azarkeşləri də başa düşmək olar. Komandaları 0:3 hesabı ilə uduzanda emosional reaksiya verə bilərlər”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-sı Gürcüstanda keçiriləcək.