BAKI, 8 iyul. TELEQRAF

Hamımız başa düşürük ki, cavab oyununda bizi olduqca mühüm matç gözləyir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo”nu 3:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın komandası üçün uğurlu başladığını bildirib:

“Oyun bizim üçün olduqca yaxşı başladı. Futbolçularımız oyuna çox yaxşı köklənmişdilər. Əsas düşüncəmiz rəqibə təzyiq göstərmək idi. Şükürlər olsun ki, 65-ci dəqiqəyə qədər hər şey istədiyimiz kimi gedirdi.

Həmin dəqiqələrdən sonra komandada müəyyən yorğunluq yarandığını gördük. Əvəzləmələr başladı, son 25 dəqiqədə bunu meydanda hiss etdim. Bununla belə, yaxşı əks-hücum şanslarımız var idi. Hesabı daha da artıra bilərdik, təəssüf ki, alınmadı”.

Sadıqov 3:0 hesablı qələbəyə baxmayaraq, cavab görüşünün çətin keçəcəyini vurğulayıb:

“Hamımız başa düşürük ki, qarşıda bizi olduqca mühüm oyun gözləyir. Müasir futbolda elə nəticələr olur ki, bir anın içində dəyişir. Biz orada hər şeyə hazır olmalıyıq. Düşünürəm ki, mərhələni keçmək üçün səfərdə buradakından da yaxşı oyun keçirməliyik”.

Baş məşqçi rəqibə ciddi yanaşdıqlarını qeyd edib:

“Mən bütün rəqiblərimə və həmkarlarıma hörmətlə yanaşıram. Futbolda rəqibi kiçiltmək doğru deyil. Həmişə rəqibləri gözümüzdə böyütməyə çalışıram. Bu gün də son dəqiqələr göstərdi ki, cavab oyununda rahatlıq olmamalıdır. Rəqib böyük inamla meydana çıxacaq”.

Rəşad Sadıqov yeni futbolçuların çıxışına da toxunub:

“Adaptasiya prosesi normal gedir. Bəzi futbolçuların tam hazır olmaması bizim əsas problemimizdir. Zədəlilər, cəzalılar var. Buna baxmayaraq, futbolçular xarakter göstərdilər və müəyyən çətinliklərin öhdəsindən gəldilər. Bu, cavab oyununda da davam etməlidir”.