BAKI, 8 iyul. TELEQRAF

“Elvin Cəfərquliyev sabah oynayacaq. Amma əvvəldə, yoxsa sonda, onu deyə bilmərəm”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasına qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandanın yeni mövsümə hazırlığı barədə danışıb:

“İlk oyunumuzdur. Komandada dəyişikliklər var. Çox çalışdıq ki, bu dəyişikliklər oyunumuzda hiss olunmasın. Təəssüf ki, müəyyən çatışmazlıqlar qalır. Amma ümumilikdə hər şey pis getmir. Çalışacağıq ki, yaxşı komanda formalaşdıraq.

Yeni oyunçulardan bizə daha tez qoşulanlar komandaya daha sürətli uyğunlaşıblar. Lakin bir neçə futbolçumuz hazırlığa gec qoşulduğu üçün onların uyğunlaşma baxımından müəyyən problemlər yaşaması gözləniləndir.”

Qeyd edək ki, “Qarabağ” – “Vestri” matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.