BAKI, 8 iyul. TELEQRAF

Misir Futbol Assosiasiyası (EFA) dünya çempionatının 1/8 finalında Argentina ilə keçirilən oyunun baş hakimi Fransua Leteksyenin fəaliyyəti ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) rəsmi şikayət ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə EFA prezidenti Hani Əbu Rida açıqlama verib.

Məlumata görə, assosiasiya Fransa təmsilçisi Fransua Leteksyenin oyunda ciddi hakim səhvlərinə yol verdiyini və fərqli komandalara münasibətdə ikili standartlar tətbiq etdiyini iddia edir.

Hani Əbu Rida hakimlə bağlı araşdırma aparılmasını tələb edərək bildirib ki, bu qərarlar Misir millisinin məğlubiyyətində mühüm rol oynayıb.

O, həmçinin VAR hakimləri də daxil olmaqla bütün hakimlər briqadasının fəaliyyətinin araşdırılmasını istəyib. Assosiasiya bəzi epizodlarda qeydə alınmayan qol və verilməyən penalti qərarları ilə bağlı hakimlərin videomüşahidə sistemindən istifadə etmədiyini və ya bundan imtina etdiyini iddia edir.

EFA prezidenti Fransua Leteksyenin və onun hakimlər briqadasının dünya çempionatındakı oyunlardan kənarlaşdırılmasını da tələb edib.

Qeyd edək ki, Misir millisi 1/8 finalda Argentina ilə qarşılaşmada 79-cu dəqiqəyədək iki top fərqi ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyərək 2:3 hesabı ilə məğlub olub. Oyundan sonra Misir yığmasının baş məşqçisi Hossam Həsən də qarşılaşmanın idarəçiliyini sərt tənqid etmişdi.

Argentina millisi 1/4 finalda İsveçrə ilə qarşılaşacaq.