BAKI, 8 iyul. TELEQRAF
Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiya komandalarına qarşı tətbiq olunan sanksiyaların mümkün ləğvi məsələsini rəsmi şəkildə müzakirəyə çıxarmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) hüquqlarını müvəqqəti bərpa etməsindən sonra FİFA da vəziyyəti qiymətləndirməyə başlayıb.
“FİFA bu qərarı təhlil edəcək və maraqlı tərəflərlə koordinasiya şəraitində növbəti addımları müəyyənləşdirəcək”, - deyən məlumatda bildirilir.
Xəbərdə xatırladılır ki, FİFA prezidenti Canni İnfantino bu ilin fevralında “Sky News”a müsahibəsində Rusiya komandalarının beynəlxalq yarışlara qaytarılması məsələsinin müzakirə edilməsinin vacibliyini vurğulamışdı.
“Biz bunu müzakirə etməliyik. Bu qadağa heç bir nəticə vermədi, əksinə daha çox məyusluq və nifrət yaratdı”, - deyə İnfantino bildirmişdi.
Bundan əlavə, FİFA daha əvvəl Rusiyanın 15 yaşadək futbolçulardan ibarət millisinin oktyabr ayında Azərbaycanda keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirakını təsdiqləyib.