BAKI, 8 iyul. TELEQRAF

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən oyunda bir neçə rekorda imza atıb.

Teleqraf xəbər verir ki, 39 yaşlı hücumçu komandasının 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada fərqlənib. O, bununla mundialın pley-off mərhələsində ardıcıl 6-cı oyununda qol vuran ilk futbolçu olub.

Təcrübəli forvard bu dünya çempionatında qol sayını 8-ə çatdırıb. Bu, onun bir mundialda şəxsi rekordudur. Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında 7 qol vurmuşdu. O, həmçinin 1970-ci ildə 5 oyundan sonra 10 qol vuran Gerd Müllerdən sonra mundialın ilk 5 matçında ən azı 8 qol vuran ilk futbolçu olub.

Messi Misirlə oyunda qol vurmaqla Argentina millisinin DÇ-2026-da keçirdiyi ilk 5 matçın hamısında fərqlənib. O, dünya çempionatları tarixində bunu bacaran 5-ci futbolçu olub. Daha əvvəl Jüst Fonten, Jairzinyo, Rivaldo və Gerd Müller eyni nəticəyə imza atmışdı.

Argentinalı ulduz Misirə qarşı matçda yalnız qolla yadda qalmayıb. O, qarşılaşmada azı 5 uğurlu driblinq edib və ən azı 5 qol imkanı yaradıb. Dünya çempionatında sonuncu dəfə belə göstəriciyə 1986-cı ildə Belçika ilə oyunda Dieqo Maradona nail olmuşdu.

Messi həm də 39 yaş və daha yuxarı yaşda dünya çempionatının pley-off mərhələsində iki fərqli oyunda qol vuran ilk futbolçu olub. O, 1/16 finalda Kabo-Verdeyə, 1/8 finalda isə Misirə qol vurub. Mundialların pley-offunda 39 yaşdan sonra fərqlənən digər futbolçular Pepe və Kriştiano Ronaldodur.

Qarşılaşmada Messinin penalti qaçırması da tarixi göstərici ilə yadda qalıb. O, bir dünya çempionatında iki penalti zərbəsindən yararlana bilməyən ilk futbolçu olub. Messi daha əvvəl Avstriya ilə qrup mərhələsi oyununda da 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməmişdi. Ümumilikdə argentinalı hücumçu dünya çempionatlarında 8 penaltidən 4-nü qola çevirib.