BAKI, 8 iyul. TELEQRAF

Misir millisinin baş məşqçisi Hossam Həsən dünya çempionatının 1/8 finalında Argentinaya qarşı keçirdikləri oyunun nəticəsini ədalətsiz adlandırıb və Beynəlxalq Futbol Federasiyasını (FİFA) tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

Hossam Həsən bildirib ki, Misir millisi oyun ərzində rəqibindən daha üstün təsir bağışlasa da, nəticəyə meydandan kənar amillər təsir göstərib:

“Biz son dünya çempionlarından hər mənada üstün idik. Amma nəticəyə həm meydandakı, həm də meydandan kənardakı amillər təsir etdi. Ola bilsin ki, onlar çempion komandanın turnirdə qalmasını istəyirdilər, ola bilsin ki, Lionel Messinin mübarizəni davam etdirməsini arzulayırdılar. Futbolda bəzən texniki məqamları aşan xarici təsirlər olur. Dünya çempionu hər səviyyədə dəstək aldı”.

Misirli mütəxəssis oyunun hakim idarəçiliyindən də narazı qaldığını vurğulayıb:

“Bu nəticə məni qane etmədi. Hadisələrin inkişafı da suallar doğurur. İnsan gözəl sözlər deyib bəxtsizlikdən danışmaq istəyər, amma bizə qarşı ədalətsizlik edildi. Hakimə də dedim ki, baş verənlər ədalətli deyil. Bu, Argentinanın haqq etmədiyi qələbə idi”.

Hossam Həsən daha sonra qarşılaşmanın əvvəlcədən planlaşdırıldığını iddia edib:

“Mən nəticələrinin nə olacağından asılı olmayaraq fikrimi deyəcəyəm. Bu, açıq şəkildə qurulmuş oyun idi və bütün dünya bunu gördü. Əgər Argentinanın qalib gəlməsini bu qədər istəyirlərsə, onda digər komandaları niyə turnirə dəvət edirlər? Dünya çempionatı marketinq sənayesinə çevrilib”.

Qeyd edək ki, Misir millisi 1/8 final mərhələsində Argentina ilə görüşdə 79-cu dəqiqəyədək iki top fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib və oyunu 2:3 hesabı ilə uduzub. Hossam Həsən qarşılaşmanın sonlarında hakimlə mübahisəyə görə sarı vərəqə alıb.

Argentina yığması 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.