BAKI, 7 iyul. TELEQRAF

“Cavab qarşılaşması olacaq. Çalışacağıq ki, evdə qələbə qazanaq. Növbəti oyunda yaxşı nəticəyə ümid edirik. Doğma meydanda güclü komandalara qarşı uğurlu nəticələrimiz olub. İnanıram ki, “Sabah”a qarşı da istədiyimiz nəticəni əldə edəcəyik”.

Teleqraf xəbər verir ki, bu sözləri UELS təmsilçisi “The New Saints”in (TNS) baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Bura gəlmək üçün çox uzun yol qət etdik və iki günümüzü səfərə sərf etdik. Amma bu, “Sabah”ın qələbəsinə kölgə salmır. Rəqib çox yaxşı komandadır, keyfiyyətli futbolçuları var. Bu səbəbdən bizim üçün çətin oyun oldu. İlk hissədə hücumameyilli futbol oynadıq, bu da komandamızı çox yordu. İkinci hissədə isə “Sabah” üstün çıxış etdi və qollarını vurdu. Biz bura yaxşı nəticə üçün gəlmişdik”.