BAKI, 7 iyul. TELEQRAF

“Zirə”ni sabahkı oyunun favoriti hesab edirik. Amma futbolda hər şey mümkündür”.

Teleqraf xəbər verir ki, bu sözləri “Torpedo”nun baş məşqçisi Dirk Şuster UEFA Konfrans Liqasının I təsnifat mərhələsində təmsilçimiz “Zirə” ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis Bakıya səfər zamanı müəyyən çətinliklərlə üzləşdiklərini bildirib:

“Azərbaycana ilk dəfədir gəlirəm. Bakıya gələndə bəzi çətinliklərimiz oldu. Yollarda müəyyən problemlər var idi, ona görə də bir qədər yorğun gəldik. Amma komandamız sabahkı oyuna tam hazırdır. Hər şey meydanda həll olunacaq”.

Şuster “Zirə”ni yaxşı analiz etdiklərini vurğulayıb:

“Biz həm öz liqamızda yaxşı oyun göstəririk, həm də Azərbaycan çempionatını izləyirik. "Zirə"nin hansı mövqedə olduğunu, futbolçularını və oyun tərzini analiz etmişik. "Zirə"ni iki komanda arasında favorit hesab edirik. Amma bütün gücümüzü ortaya qoyacağıq ki, sabah qalib gələk. Ümid edirəm ki, maraqlı oyun izləyəcəksiniz”.

Baş məşqçi komandasının oyun planından da danışıb:

“İlk məqsədimiz topa daha çox nəzarət etməkdir. Oyunun ilk saniyələrindən çalışacağıq ki, rəqibi öz qapısına tərəf sıxışdıraq. "Zirə"nin yeni futbolçularından da xəbərimiz var. Onların son oyunlarını və transferlərini izləmişik. Taktiki gedişlərlə rəqibin oyununu çətinləşdirməyə çalışacağıq”.

Şuster daha əvvəl “Zirə”nin əvəzinə “Turan Tovuz”la qarşılaşa biləcəklərini də xatırladıb:

“Turan Tovuz’un diskvalifikasiyası barədə xəbərim var. Həmin komandanı çox tanımıram, amma baş məşqçisini yaxşı tanıyıram. Onunla bir neçə dəfə işləmişəm. Bu, futbolun qaydalarıdır. Əgər diskvalifikasiya olmasaydı, ‘Turan Tovuz’la qarşılaşacaqdıq”.

Mütəxəssis hazırlıq proseslərinin də asan keçmədiyini bildirib:

“Biz də hazırlığa çox erkən başlamamışıq. Cəmi üç həftə hazırlaşmışıq, Türkiyədə iki oyun keçirmişik. Bu yaxınlarda Superkubokun qalibi olmuşuq. Çətin qələbə qazandıq. Bütün bunlara baxmayaraq, komandamız çətin məşq prosesi keçib və sıx qrafikdə çalışıb”.