BAKI, 7 iyul. TELEQRAF

Belçika millisinin hücumçusu Romelu Lukaku dünya çempionatları tarixində yeni göstəriciyə imza atıb.

Teleqraf xəbər verir ki, 33 yaşlı forvard DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ-a qarşı keçirilən oyunda fərqlənib.

Lukaku 67-ci dəqiqədə meydana daxil olub. O, 90+3-cü dəqiqədə komandasının dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib - 4:1.

Bu qol belçikalı hücumçunun dünya çempionatlarında 8-ci qolu olub. Lukaku bu göstəricidə Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonaya çatıb.

Təcrübəli futbolçu həm də dünya çempionatları tarixində 4 oyunda sonradan meydana daxil olaraq qol vuran ilk oyunçu kimi yadda qalıb.