BAKI, 6 iyul. TELEQRAF
“Bilirik ki, bizi çətin oyun gözləyir. “Sabah”ın daxili çempionatda “Qarabağ”ı üstələyərək çempion olması çox şey deyir”.
Teleqraf xəbər verir ki, bu sözləri UELS təmsilçisi TNS-in baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi Bakıda təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis sabah yaxşı nəticə qazanaraq Azərbaycandan müsbət təəssüratlarla ayrılmaq istədiklərini bildirib:
“Tarixən “Qarabağ” Avropada həm Avropa Liqasında, həm də Çempionlar Liqasında həmişə çox yaxşı çıxış edən komanda olub. Onlar bu il də Çempionlar Liqasında “Benfika”, “Nyukasl” kimi böyük klublara qarşı yaxşı oyun sərgilədilər. Buna görə də “Qarabağ”ı qabaqlayaraq çempion olan “Sabah”ın nə qədər güclü komanda olduğunu çox yaxşı dərk edirik”.
Baş məşqçi komandasındakı zədəli futbolçular barədə də danışıb:
“Bəli, bir neçə zədəli futbolçumuz var. Lakin son vaxtlar yeni zədə alan olmayıb. Bunlar son altı həftədə və ya ötən mövsümün sonunda zədələnən oyunçularımızdır. Hazırkı vəziyyətdə heyətimizdə yeni itki yoxdur.
Biz rəqibin ötən mövsümdə keçirdiyi 6-7 oyunu izləmişik. Təbii ki, komandaya yeni futbolçular gəlib, bəzi icarədə olan oyunçuların transferləri də rəsmiləşdirilib. Onları da təhlil etmək imkanı əldə etmişik. Rəqibin heyətində beynəlxalq səviyyədə çıxış etmiş, güclü klublarda oynamış, böyük təcrübəyə malik, həqiqətən də yüksək səviyyəli futbolçular var. Bizi matç günü çox çətin sınaq gözləyir”.
K.Harrison Bakı haqqında da müsbət fikirlər səsləndirib:
“Bakı çox gözəl şəhərdir. Heyətimizdən yalnız 2-3 nəfər uzun illər əvvəl Uels və İrlandiya milli komandalarının heyətində bura gəlib. Lakin komanda olaraq əvvəllər burada olmamışıq. Bakı həqiqətən də olduqca gözəl şəhərdir”.