BAKI, 17 iyun. TELEQRAF
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.
Teleqraf xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qurban Qurbanovun komandası səpələnmişlər səbətində yer alacaq.
“Köhlən atlar”ın mümkün rəqibləri bunlardır: “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Sankt Qallen” (İsveçrə), “Hammarbü” (İsveç), “Şerif” (Moldova) – “Aluminiy” (Sloveniya) cütünün qalibi, “Dinamo” (Kiyev, Ukrayna) – “Universitatya Kluj” (Rumıniya) cütünün qalibi, “Hayduk” (Xorvatiya) – “Jilina” (Slovakiya) cütünün qalibi, ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 9-da və 16-da keçiriləcək. “Qarabağ” ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.