BAKI, 17 iyun. TELEQRAF

“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Teleqraf xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda bu raundun püşkündə səpələnməmişlər səbətində yer alacaq.

Azərbaycan çempionunun mümkün rəqibləri bunlardır: “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Slovan” (Slovakiya), “Lex” (Poznan, Polşa), “Sele” (Sloveniya), “Omoniya” (Kipr), “Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) – KUPS (Finlandiya) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail), “Jalgiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi, “Linkoln” (Cəbəllütariq) – “İnter Eskaldes” (Andorra) cütünün qalibi, “Borats” (Bosniya və Herseqovina) – “Levski” (Bolqarıstan) cütünün qalibi.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə 28-29-da keçiriləcək.

Qeyd edək ki, “Sabah” turnirin I təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 7-8-də və 14-15-də baş tutacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.