BAKI, 10 iyun. TELEQRAF
Xorvatiya millisinin 2026-cı il dünya çempionatı zamanı qaldığı “AKA” otelinin qida üzrə meneceri məxfi məlumatları açıqladığı üçün vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Sportske Novosti” məlumat yayıb.
Məlumata görə, “AKA” oteli FIFA və Xorvatiya Futbol Federasiyası ilə imzaladığı müqaviləyə əsasən əməkdaşların hər hansı konfidensial informasiyanı paylaşmasını qadağan edir.
Buna baxmayaraq, otel meneceri anonim müsahibə verərək Xorvatiya Futbol Federasiyasının turnir müddətində oteldən iki növ Xorvat şərabı tələb etdiyini açıqlayıb. O, kimliyinin gizli qalacağını düşünsə də, qısa müddət sonra onun şəxsiyyəti müəyyən edilib və işdən çıxarılıb.
Qeyd edək ki, Xorvatiya millisi mundialın qrup mərhələsində İngiltərə (17 iyun), Panama (24 iyun) və Qana (28 iyun) ilə qarşılaşacaq.