BAKI, 10 iyun. TELEQRAF
“İlk növbədə futbolçulara təşəkkür edirəm. Bu gün həqiqətən qalib gəlmək istəyirdik. İlk oyunda məğlub olmuşduq. Bu təlim-məşq toplanışı bizim üçün başa çatdı. Bilirsiniz ki, bundan sonra Millətlər Liqası başlayır. Bu toplanışda əsas məqsədlərimizdən biri bütün heyəti iş başında görmək idi”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marino ilə oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis yoldaşlıq görüşlərində müxtəlif futbolçuları sınamaq istədiklərini bildirib:
“Həmişə suallar olur və biz bilməliyik ki, gələcək oyunlarda hansı yükün altına, hansı futbolçuları o təzyiq altına ata bilərik. Bu bizim üçün vacib idi. Məşqlə oyun tam fərqlidir. Bu gün düşündüyümüz futbolçuları gördük, heyəti dəyişmişdik, sonra yenə dəyişiklik etdik”.
Ayxan Abbasov komandanın əsas probleminin qol epizodlarından istifadə edə bilməmək olduğunu vurğulayıb:
“Ümumi baxsaq, bu gün də ən böyük problemimiz qol epizodlarından istifadə edə bilməməyimiz oldu. Standart vəziyyətdən qol buraxdıq. Bunun üzərində çalışırıq. Bu, milli komandamızın ən yaralı yeridir. İslandiya və Fransa ilə oyunlarda da standart vəziyyətlərdən qol buraxmışdıq. Bu bizi düşündürür. Çünki Litva ilə oyunda buna ehtiyacımız olacaq”.
Baş məşqçi San-Marino ilə matçın tempindən razı qaldığını deyib:
“Ümumən oyunun tempi normal idi. Hücumlar edirdik. Bu heyət ilk dəfə idi belə formada meydana çıxırdı. Malta ilə oyunda çıxış edən heyətin bir-birini başa düşməsi daha yaxşıdır, çünki onlar birlikdə daha çox oyun keçiriblər. Bu gün futbolçularımız da qələbəni çox istəyirdi, biz də qalib gəlmək istəyirdik”.
Abbasov təlim-məşq toplanışındakı iki oyunun nəticələrinə də toxunub. O, iki matçda buraxılan üç qol və vurulan iki qolun Millətlər Liqası öncəsi narahatlıq doğurduğunu bildirib:
“Bir az yox, çox narahat edir. Bu gün Renata görə sevindim. Çünki hücumçularımızın özünə güvəni gəlməlidir. Həqiqətən Renat milli komandada son vaxtlar ən yaxşılardandır. Amma klubunda çox az şans qazanır”.
Mütəxəssis yaradılan epizodların qola çevrilməməsinə təəssüfləndiyini bildirib:
“Yüz faizlik epizodları hesablasaq, bunların hamısı qol olmalı idi. Milli komandadakı futbolçuların ustalıq səviyyəsi yüksəkdir. Son zərbələr və son paslar baxımından iki oyunda çox epizod oldu. Təəssüf edirəm. Amma bu, ümid də verir. Çünki epizod varsa, deməli, sevinməliyik. Bunun üzərində futbolçulara daha çox təzyiq edəcəyik ki, konsentrasiyalı olsunlar. İnşallah, son vuruşlar da alınacaq”.