BAKI, 9 iyun. TELEQRAF

“Qarabağ”ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi iyunun 10-da Bakıda bir araya gələcək. Komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində “köhlən atlar”ın üç yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

“Qarabağ” iyunun 27-də Bolqarıstanın ÇSKA Sofiya klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Ağdam klubu iyulun 1-də iki yoxlama matçına çıxacaq. Komanda əvvəlcə Ukraynanın “Metallist” klubu ilə üz-üzə gələcək. Bu oyun saat 15:00-da start götürəcək. Günün ikinci görüşündə isə “Qarabağ” Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.