BAKI, 9 iyun. TELEQRAF

2026-cı il dünya çempionatına təyinat alan hakimlərdən biri turnirdən kənarda qalıb.

Teleqraf xəbər verir ki, somalili referi Omar Abdulkadir Artan viza problemi səbəbindən ABŞ-a giriş edə bilməyib.

Miami Beynəlxalq Hava Limanında saxlanılan 34 yaşlı hakim ölkəyə buraxılmayıb və İstanbul şəhərinə geri göndərilib.

FIFA məsələ ilə bağlı rəsmi açıqlama yayıb:

“FIFA viza qiymətləndirmələri də daxil olmaqla, ev sahibi ölkənin miqrasiya proseslərinə müdaxilə etmir. Səlahiyyətli qurumlar tərəfindən cənab Artanın durumunun dəyişdirilməyəcəyi barədə məlumatlandırılmışıq”.

Qurum həmçinin vurğulayıb ki, dünya çempionatına ev sahibliyi edən ölkələr viza verilməsi və ölkəyə giriş məsələsində yekun qərarverici tərəfdir.

Qeyd edək ki, Omar Abdulkadir 2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən ilin hakimi seçilib. O, dünya çempionatı tarixində təyinat alacaq ilk somalili hakim olmağa hazırlaşırdı.