BAKI, 9 iyun. TELEQRAF
İran Futbol Federasiyası ABŞ-nin Dünya çempionatı 2026 üçün ayrılmış bilet kvotasını (limiti) geri aldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
Turnirin başlamasına üç gündən az vaxt qalmış ABŞ İran azarkeşlərinin milli komandanın qrup mərhələsindəki oyunlarının keçiriləcəyi stadionlara girişini məhdudlaşdıran addımlar atıb.
Qeyd olunub ki, İran Futbol Federasiyası Yeni Zelandiya, Belçika və Misirə qarşı keçiriləcək qrup mərhələsi oyunları üçün ayrılmış biletlərin satışını artıq həyata keçirməyə başlamışdı. Lakin gözlənilmədən bu kvota geri alınıb və hazırkı vəziyyətdə federasiya azarkeşlər üçün heç bir bilet təqdim edə bilmir.
Federasiya bu qərarı “beynəlxalq turnirlərin ruhuna və ölkələr arasında bərabərlik prinsipinə zidd” kimi qiymətləndirib və FIFA ilə turnir təşkilatçılarını neytrallıq, ədalət və qaydalara riayət etməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl İran nümayəndə heyətinin 15 üzvünün ABŞ vizası ala bilmədiyi bildirilmişdi. Futbol üzrə 2026-cı il Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.