BAKI, 9 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatları tarixində indiyədək futbolçular ümumilikdə 54 dəfə het-trikə imza atıblar.

Teleqraf xəbər verir ki, ilk mundialdan sonuncu turnirə qədər bir çox oyunçu üç və daha çox qolla yadda qalsa da, bəzi rekordlar hələ də təkrarlanmayıb.

1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında het-trik edən yeganə futbolçu ABŞ millisinin üzvü Bert Patenod olub. O, Paraqvay üzərində 3:0 hesablı qələbədə komandasının hər üç qolunu vuraraq mundial tarixinin ilk het-trik müəllifi kimi adını futbol salnaməsinə yazdırıb.

DÇ tarixində het-trik edən yeganə türk futbolçu isə Burhan Sarğındır. Hücumçu 1954-cü il dünya çempionatında Türkiyənin Cənubi Koreya üzərində 7:0 hesablı qələbəsində üç qola imza ataraq bu uğura nail olub.

Mundiallar tarixində yalnız üç futbolçu iki dəfə het-trik etməyi bacarıb. Macarıstan millisinin əfsanəvi hücumçusu Şandor Koçiş 1954-cü ildə əvvəlcə Cənubi Koreya ilə matçda, daha sonra Almaniyaya qarşı görüşdə üç qol vurub.

Bu göstəriciyə nail olan digər futbolçular Almaniya millisinin sabiq hücumçusu Gerd Müller və Argentina yığmasının keçmiş qolçusu Qabriel Batistutadır. Müller 1970-ci il dünya çempionatında Bolqarıstan və Peru ilə oyunlarda het-trik edib. O, həm də eyni mundialda iki dəfə het-trik edən yeganə futbolçu olaraq qalır.

Batistuta isə ilk het-trikini 1994-cü ildə Yunanıstana qarşı matçda reallaşdırıb. Argentinalı hücumçu dörd il sonra Fransada keçirilən dünya çempionatında Yamayka ilə görüşdə daha üç qola imza ataraq rekordunu təkrarlayıb.

Dünya çempionatları tarixində yalnız bir dəfə eyni oyunda hər iki komandanın futbolçusu het-trik edib. Bu hadisə 1938-ci ildə Braziliya ilə Polşa arasında keçirilən qarşılaşmada yaşanıb. Əlavə vaxtda Braziliyanın 6:5 hesablı qələbəsi ilə yekunlaşan matçda braziliyalı Leonidas və polşalı Ernest Vilmovski hərəyə üç qol vurublar.

Het-triklərin ən çox qeydə alındığı dünya çempionatı 1954-cü il turniri olub. Həmin mundialda yeddi futbolçu ümumilikdə səkkiz dəfə het-trikə imza atıb. Onların arasında Almaniya millisinin futbolçusu Maks Morlok da yer alıb. O, Almaniyanın Türkiyə üzərində 7:2 hesablı qələbəsində üç qol vurub.

Dünya Kuboku tarixinin son het-triki isə Fransa millisinin hücumçusu Kilian Mbappeyə məxsusdur. O, 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Argentina ilə qarşılaşmada komandasının hər üç qolunu vurub. Görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatsa da, Fransa penaltilər seriyasında məğlub olub.

Qeyd edək ki, dünya çempionatlarının demək olar hər mövsümündə ən azı bir het-trik qeydə alınsa da, bu ənənə 2006-cı ildə pozulub. Almaniyada təşkil olunan mundialda heç bir futbolçu bir oyunda üç qol vurmağı bacarmayıb.