BAKI, 7 may. TELEQRAF
Türkiyə təmsilçisi “Fənərbağça” Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Seru Girassi ilə maraqlanır.
Teleqraf “Bild”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq qvineyalı hücumçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Girassinin müqaviləsində sərbəstqalma maddəsi olsa da, bu şərt yalnız müəyyən klublara şamil olunur. Belə ki, “Real Madrid”, “Barselona”, PSJ, “Çelsi” və Səudiyyə Ərəbistanı klubları bu maddədən yararlana bilsə də, “Fənərbağça” həmin siyahıda yer almır.
Bu səbəbdən İstanbul təmsilçisi transfer üçün Almaniya klubu ilə birbaşaz danışıqlar aparmalı olacaq. Sərbəstqalma məbləğinin təxminən 35 milyon avro olduğu bildirilir.
Hazırda transfer dəyəri 40 milyon avro göstərilən Girassi dünyanın 30 yaşdan yuxarı ən dəyərli hücumçularından biri hesab olunur.
Qeyd edək ki, futbolçunun “Borussiya Dortmund”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, Almaniya klubunda indiyədək 94 oyunda 58 qol vurub. Girassi cari mövsümdə 20 qolla komandasının ən məhsuldar futbolçusudur.