BAKI, 30 aprel. TELEQRAF
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda “Əl-Əhli” üzərində qələbə qazanıb.
Teleqraf xəbər verir ki, ev oyununda “Əl-Nəsr” rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları 76-cı dəqiqədə Kriştianu Ronaldu və 90-cı dəqiqədə Kinqsli Koman vurublar.
Bu qol Ronaldu üçün karyerasında 970-ci olub. Portuqaliyalı hücumçu futbol tarixinin ən məhsuldar bombardiri hesab olunur.
“Əl-Nəsr” 79 xalla turnir cədvəlinə başçılıq edir. “Əl-Əhli” isə 66 xalla 3-cü pillədə qərarlaşıb. Növbəti turda “Əl-Nəsr” mayın 3-də səfərdə “Əl-Qadisiyyə” ilə üz-üzə gələcək, “Əl-Əhli” isə həmin gün “Əl-Uxud”u qəbul edəcək.
Qeyd edək ki, çempionatda komandalar ümumilikdə 34 oyun keçirəcək. “Əl-Nəsr” ən yaxın izləyicisi “Əl-Hilal”ı 8 xal qabaqlayır, lakin rəqibin ehtiyatda bir oyunu var. Liderlərin üz-üzə görüşü mayın 12-də “Əl-Nəsr”in meydanında baş tutacaq.