TOVUZ, 27 aprel. TELEQRAF

“Abbas Hüseynovla danışıqlar gündəmdə deyil. Həmin mövqedə millimizin və komandanın kapitanı Qismət Alıyevdir, çıxışından razıyıq. Bəlkə gələcəkdə olar, onu dəqiq deyə bilmərəm”.

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXIX turunda “Turan Tovuz”la 1:1 heç-heçə etdikləri oyunla bağlı danışıb:

“Rəvan Həmzəzadə çempionatımızın ən təcrübəli hakimlərindəndir. Oyunumuza təyinatını eşidərkən normal qarşıladım. Hər iki komanda çox yaxşı mübarizə apardı. Meydanda yaxşı mübarizə getdi.

Hamımız başa düşürük ki, həm çempionatda, həm də kubokda rəqabət gedir. Çempionatı 4-cü pillədə bitirmək istəyirik, bilmirik nə dərəcədə alınacaq. Həmçinin kubokda rəqibimiz Premyer Liqanın lideri olan “Sabah”dır”.

Sadıqov heyətdə baş verəcək dəyişikliklərdən də söz açıb: “Avrokuboklara düşdün və ya düşmədin, heyətdə dəyişiklik olur. Bəzi futbolçularımızla ilkin danışıqlarımız olub. Avrokubokları təmin etsək, həmin futbolçuların komandada qalması dəqiqləşəcək və biz rahatlıqla hamısı ilə danışıqlar apara biləcəyik”.