BAKI, 23 fevral. TELEQRAF

İspaniyanın "Atletiko Madrid" klubunun baş məşqçisi Dieqo Simeone cari mövsümün sonunda vəzifəsini tərk edə bilər.

Teleqraf "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis İtaliya "İnter"i ilə ilkin razılıq əldə edib.

Milan təmsilçisi 55 yaşlı məşqçiyə bir mövsümlük müqavilə təklif etməyə hazırdır.

Tərəflər arasında razılıq İspaniya La Liqasının XXV turunda "Atletiko Madrid"in "Espanyol" üzərində qazandığı qələbədən (4:2) sonra baş tutub.

Simeone ilə klubun idman direktoru Mateu Alemani arasındakı münasibətlərin qış transfer pəncərəsindən sonra pisləşdiyi və Madrid komandasının artıq yeni baş məşqçi axtarışına başladığı bildirilir.

İspaniya mətbuatı iddia edir ki, mütəxəssis və rəhbərlik arasında transfer siyasəti ilə bağlı yaranan fikir ayrılığı tərəflərin 15 illik əməkdaşlığına son qoymasına səbəb olub.

Qeyd edək ki, 2011-ci ildən "Atletiko Madrid"ə rəhbərlik edən Dieqo Simeone bu müddət ərzində komandası ilə iki dəfə İspaniya çempionu və iki dəfə UEFA Avropa Liqasının qalibi olub. O, vaxtilə futbolçu kimi "İnter"in şərəfini qoruyub.