BAKI, 10 fevral. TELEQRAF

ABŞ-nin “Kolambus Krü” klubu “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin transferini rəsmiləşdirməyə yaxındır.

Teleqraf ABŞ mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu MLS təmsilçisinin heyətinə “U22 Initiative” proqramı çərçivəsində cəlb olunacaq.

Sözügedən mexanizm klublara gənc və perspektivli oyunçularla büdcə baxımından sərfəli müqavilələr bağlamağa geniş imkanlar yaradır.

Peşəkar karyerasına “Qarabağ”da başlayan Axundzadə ötən üç mövsüm ərzində ümumilikdə 35 qol vurmağı bacarıb. O, 2023-cü ildən etibarən Azərbaycan milli komandasının heyətinə də dəvət alır.

Hazırda “Kolambus Krü” klubunda “U22 Initiative” statusu ilə çıxış edən digər futbolçular İbrahim Aliyu və Huqo Pikardır.