BAKI, 28 yanvar. TELEQRAF

Argentinanın “River Pleyt” klubu ev oyunlarını keçirdiyi əfsanəvi “Monumental” stadionunun yenidən qurulması ilə bağlı layihəsini elan edib.

Teleqraf xəbər verir ki, modernizasiya işləri nəticəsində arenanın tutumu 101 min nəfərə çatdırılacaq.

Bununla da “Monumental” həm Cənubi Amerikanın ən böyük stadionu statusunu möhkəmləndirəcək, həm də dünyada tutumuna görə Şimali Koreyadakı “1 May” və Barselonadakı yenilənmiş “Kamp Nou”dan sonra üçüncü ən böyük futbol arenasına çevriləcək.

Yenidənqurma işlərinə bu ilin aprelində başlanılacaq və bərpa prosesi təxminən 36 ay davam edəcək. Arenanın tam hazır vəziyyətə 2029-cu ildə gətirilməsi planlaşdırılır. Klub bu layihə üçün 100 milyon dollardan çox vəsait ayırıb.

Qeyd edək ki, tikinti işləri zamanı “River Pleyt” öz oyunlarını bu stadionda keçirməyə davam edəcək. Yeni stadion həm də DÇ-2030-un açılış matçına ev sahibliyi etmək üçün FIFA-nın bütün tələblərinə cavab verəcək.