“Erkən qol buraxdıq. Qələbə ilə bitirmək istəyirdik. Oyuna yaxşı başlamadıq. Sonradan hesabı bərabərləşdirdik. Bərabərsəviyyəli oyun getdi, hər iki komandanın şansları oldu. Fasilədən sonra müəyyən taktiki dəyişikliklər etdik. Sonradan “Qarabağ” müəyyən hücumlara keçdi. Təkbətək mübarizələrdə qalib gəlmək istəyirdik. Bu oyundan nəticə çıxaracağıq və gələcək oyunlarda daha yaxşı nəticə etməyə çalışacağıq".
Teleqraf xəbər verir ki, bunu Almaniyanın “Ayntraxt Frankfurt” klubunun müvəqqəti baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının VII turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis "Bu nəticələr gələcək karyeranıza necə təsir edəcək?" sualına da cavab verib:
“Söhbət məndən getmir. Mən klubda qalacağam. Sabah analiz edəcəyik və buraxdığımız səhvləri götür-qoy edəcəyik. İstəyimiz gələcək oyunlarda yaxşı nəticə əldə etməkdir. Biz bir səhv daha çox etdik, rəqib də bundan faydalandı".
"Hazırlaşmaq üçün çox az vaxtımız oldu. 75-ci dəqiqəyə qədər öndə idik. Nəticə onu göstərir ki, biz haradasa səhv etdik. Biz sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik. Analiz etdikdən sonra səbəbləri biləcəyik" - D.Şmitt əlavə edib.