BAKI, 15 sentyabr. TELEQRAF

“Daşnaksütyun” və “daşnakizm” kökündən kəsilib atılmalıdır. Bu, Ermənistanın dövlət kimi davamlılığı və müstəqilliyi üçün fundamental ilkin şərtdir. İndiyədək “Daşnaksütyun”un və onun ideologiyasının dövlətimizə gətirdiyi fəlakətləri görməzdən gəlmişik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında çıxışı zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan deyib.

Hakim fraksiyanın üzvünün çıxışı zamanı parlamentdə gərgin vəziyyət yaranıb. Müxalif “Hayastan” fraksiyasının deputatları Yeqoyana sərt reaksiya verərək, onun çıxışını “biabırçılıq” adlandırıblar.

Arman Yeqoyan onlara cavabında bildirib ki, ermənilərin düşüncəsindəki “daşnakizm” kökündən silinməlidir.

“Daşnaksütyun” bütün erməni siyasi düşüncəsini zəhərləmiş və bunu bu günə qədər davamlı şəkildə edən və ölkəmizə fəlakət gətirən təşkilatdır”, - o vurğulayıb.