BAKI, 14 yanvar. TELEQRAF
Türkiyə Superliqası təmsilçisi “Beşiktaş” qış fasiləsində Belçikanın “Yunion Royal” klubunun futbolçusu Promis Davidi heyətinə qata bilər.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara-ağlar” kanadalı hücumçunu Tommi Abrahamın mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
Superliqa təmsilçisi 28 yaşlı forvardın İngiltərənin “Aston Villa” klubuna mümkün transferindən əldə olunacaq bonservis gəlirini Promis Davidin keçidi üçün istifadə etməyi planlaşdırır. Daha öncə ingilislər Abraham üçün 20 milyon avro təklif göndərsə də, “Beşiktaş” yalnız 30 milyon avroluq sərbəstqalma məbləği ödəniləcəyi halda razılıq verəcəyini bildirmişdi.
Transfermarkt portalı Promis Davidin bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Promis Davidin “Yunion Royal”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 22 yaşlı hücumçu cari mövsüm 27 oyunda 12 qolla yadda qalıb.