BAKI, 27 noyabr. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi V tur çərçivəsində Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edib.

"Şükrü Saracoğlu" stadionunda təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Matçda hesabı qonaqların hücumçusu Barnabaş Varqa açıb. O, 66-cı dəqiqədə Qabi Kaniçovskinin künc zərbəsindən ötürdüyü topu qapıya göndərib.

Cəmi üç dəqiqə sonra isə "sarı-lacivərdlilər"in yarımmüdafiəçisi Anderson Taliska hesabı bərabərləşdirib.

Oyunun 90+2-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Con Duran birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bununla da xallarının sayını 8-ə çatdıran "Fənərbağça" 14-cü sıraya yüksəlib. "Ferentsvaroş" 11 xalla dördüncüdür.

Qeyd edək ki, "Fənərbağça" növbəti turda Norveçdə "Brann"la qarşılaşacaq.