BAKI, 21 noyabr. TELEQRAF

Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bununla bağlı Peşəkar Liqa İcraiyyə Komitəsinin iclasında liqa çempionu titulunun təsis edilməsi barədə yekdil qərar qəbul edilib.

Qərara əsasən, kubok çempionatın iki mərhələsində ən çox xal toplayan komandaya veriləcək. Əvvəllər ümumi sıralamada birinci yer yalnız Libertadores Kubokunda iştirak hüququ qazandırırdı.

İcraiyyə Komitəsi qərardan sonra "Rosario Sentral"ı liqa çempionu kimi təsdiqləyib. Məşhur futbolçu Anxel Di Mariyanın komandası, 15 klubdan ibarət qrupunda birinci mərhələdə (Apertura) 35 xal, ikinci mərhələdə isə (Klausura) 31 xal qazanıb. "Dəmiryolçular" ikinci sırada qərarlaşan "Boka Xuniors"dan 4 xal öndədir.

Liqa kuboku "Rosario Sentral"ın prezidentinə, baş məşqçisinə və iclasda iştirak edən bir neçə oyunçusuna təqdim edilib.