BAKI, 9 oktyabr. TELEQRAF

Çinin “Guanşi Pinqqo” klubunun yarımmüdafiəçisi Samuel Asamoa reklam lövhəsinə çırpılaraq ağır zədə alıb.

Teleqraf "Le Parisien” nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 5-də ölkənin birinci liqasında “Çunçin Tunlyanlun” klubuna qarşı keçirilən oyunda baş verib.

Top uğrunda mübarizə zamanı rəqib futbolçu toqolu oyunçunu itələyib və Asamoanın başı reklam lövhəsinə çırpılıb. 31 yaşlı futbolçunun boyun fəqərələrində çıxıq və çoxsaylı sınıqlar, həmçinin sinir sıxılması ilə müşayiət olunan onurğa blokadası diaqnozu qoyulub.

Maraqlıdır ki, Asamoanı itələyən futbolçu yalnız sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd olunur ki, ciddi parapleksiya (hər iki aşağı ətrafın iflici) təhlükəsi ilə üz-üzə qalan futbolçunun karyerası ciddi təhlükə altında ola bilər. Dünən futbolçu üzərində əməliyyat uğurla aparılıb, vəziyyəti sabitdir.