BAKI, 31 iyul. TELEQRAF

“Sabah" komandası UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova "Petrokub"una qarşı cavab görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunmuş oyun Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:1.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektivin qollarını Coy-Lens Mikels (22, 28 və 44-cü dəqiqələr) və Pavol Şafranko (45+1) vurub.

Rəqibin yeganə qolununun müəllifi isə Masazır təmsilçisinin müdafiəçisi Stiv Solvet olub. O, 41-ci dəqiqədə topu öz qapısına göndərib.

“Sabah” səfər matçında da 2:0 hesablı qələbə qazandığı üçün Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Növbəti rəqib Bakı vaxtı ilə saat 23:00-da başlanacaq "Braqa" (Portuqaliya) - "Levski" (Bolqarıstan) görüşündən sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk matçda qalib müəyyənləşməyib - 0:0. Cütün məğlub komandası Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"la üz-üzə gələcək.

Qeyd edək ki, "Sabah" ardıcıl üçüncü mövsüm Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

***
21:05

"Sabah" və Moldovanın "Petrokub" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə start götürüb.

Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunan görüşdə Azərbaycan təmsilçisi hesabda öndədir - 4:1.

***

20:49

"Sabah" və Moldovanın "Petrokub" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunan görüşdə hesab “bayquşlar”ın xeyrinədir - 4:1.

İlk hissədə qolların üçünü Coy-Lens Mikels, birini isə Pavol Şafranko vurub. “Sabah”ın üzvü Stiv Solvet avtoqol müəllifi olub.

***

20:28

“Sabah” Moldovanın “Petrokub” klubu ilə keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qolunu vurub.

Teleqraf xəbər verir ki, matçın 28-ci dəqiqəsində Coy-Lens Mikels dubla imza atıb.

***

20:22

"Sabah" və Moldovanın "Petrokub" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunan görüşün 22-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Coy-Lens Mikels fərqlənib.

***

20:01

"Sabah" və Moldovanın "Petrokub" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş Əlincə stadionunda (“Bank Respublika Arena”) keçirilir.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

31 iyul

20:00. “Sabah” (Azərbaycan) - “Petrokub” (Moldova) - 4:1

Qollar: Coy-Lens Mikels, 22, 28, 44; Pavol Şafranko 45+1; Stiv Solvet 41 (öz qapısına)

İlk oyun - 2:0.

Baş hakim: Danilo Nikoliç

Baş hakimin köməkçiləri: Milan Şutuloviç, İvan Mikalaçki

Dördüncü hakim: İvan Stamenkoviç

(Hakimlər briqadası Serbiyadandır)

Əlincə stadionu.