BAKI, 13 iyul. TELEQRAF

Premyer Liqa komandaları yay fasiləsində növbəti mövsüm üçün heyətdə dəyişikliklər edərkən, “Kəpəz”də fərqli hadisələr cərəyan edir. Son illər güc-bəla ilə elitada qalmaqla ad çıxaran “sarı-göylər” komanda ilə bərabər rəhbərlikdə də dəyişikliklər edir.

Baş verənlərlə əlaqədar Gəncə təmsilçisinin veteran futbolçusu Vidadi Rzayev Teleqraf-ın suallarlnı cavablandırıb.

- “Kəpəz”də yenə sular bulanıb. Sanki “yarpaq tökümü”dür - həm rəhbərlik, həm də heyətdən gedənlər var. Sizcə, Erkin İbrahimovun İdarə Heyətinin üzvü və idman məsələləri üzrə müşavir vəzifəsindən qısa müddət sonra istefasına səbəb nə oldu?

- Gedişatlardan baş açmaq olmur. Yeni gələrkən Namiq Qədirov, Erkin İbrahimov və Fərman Əlizadə ilə veteranlar olaraq oturub söhbət etdik. Onlar da etiraf etdilər ki, sponsor deyillər. Erkin İbrahimovun nədən istefa verdiyini bilmirəm. “Kəpəz”də gedən proseslərin daxildən şahidi deyiləm. Amma 12 futbolçu getdi, ən azından elələri vardı ki, saxlamaq olardı. Onların maliyyəsi zəifdirsə, o qədər futbolçu göndərib, yerinə oyunçu axtarmaq, tapıb oynatmaq heç də asan olmayacaq. Hələlik “Kəpəz”də yaxşılığa doğru heç nə görünmür. Əlbəttə, arzu edərdim ki, avrokuboklar uğrunda mübarizə aparılsın. Baş məşqçi Adil Şükürova da çətin işində uğurlar diləyirəm. Doğrudan da “yarpaq tökümü” gedir, necə olacağını bilmirik. Sponsorun kim olacağı da naməlumdur. Yeni rəhbərıik kimi tanıdıqlarınız da özlərini təqdim etdilər, amma təqdimatda Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyindən heç kim iştirak etmədi. Dedilər ki, biz filankəsik, yəni klubda bu vəzifəni tutacağıq, sonra da getdilər. Ardından iclas etdilər, mətbuatdan oxudum ki, guya "komanda yer tutmalıdır, uşaq futbolu inkişaf etməlidir" deyiblər. Yəqin, yaxın müddətdə orada çoxlu dəyişiklik baş verəcək. “Kəpəz” üçün daha çətin olacaq.

- Deyilənə görə, indiki klub rəhbəri Namiq Qədirov artıq getmək istəyir. Buna inanırsınız?

- ⁠Deyilənləri mən də eşitmişəm. O, klub prezidenti deyil, İdarə Heyətinin sədridir. Klub prezidenti olan şəxs cibindən maliyyə xərcləyər, komandanı dirçəldər. Getməsi xəbərini eşitmişəm, amma nə dərəcədə doğru olduğunu bilmirəm. Bunların “Kəpəz”i yaxşı vəziyyətə çıxaracaqlarına isə inanmıram. Çünki hər şeyi maliyyə həll edir.

- ⁠Bəs niyə kənardan gələnlər “Kəpəz”də işləyə bilmirlər?

- ⁠Kənar dedikdə, başqa dövlətdən gəlməmişdilər ki…Hamımız azərbaycanlıyıq. Erkin İbrahimov ayrılıbsa, yəqin, səbəbini də özü izah edə bilər. Səbəb göstərərdi ki, gəlişindən ayyarım keçməmiş, bax, buna görə istefa verib gedir. Elə-belə, durduğu yerdə heç kim istefa vermir. Nə isə səbəb olmalıdır. Yəni, bu insanlar başqa ölkədən gəlməyib, öz vətandaşlarımızdır. Hər halda, nə isə problem, anlaşılmazlıq olub. Dəqiqini o adamlar özləri deyə bilər.

- ⁠Deyilənə görə, hətta bütün heyəti göndəriblər, təzədən heyət yığırlar...

- ⁠Bütün heyəti eşitməmişəm. Amma 12 futbolçunu dəqiq göndəriblər. Ötənilki futbolçulardan 2-3 nəfər saxlayıblar. Yəni, bütün komandanı göndərməyiblər. İndidən deyə bilərəm ki, “Kəpəz” çox çətinliklə üzləşəcək. Adil Şükürov çətin yükün altına girib, nə dərəcədə öhdəsindən gələcəyini bilmirəm.

- ⁠Erkin İbrahimovun getməsinə səbəblərdən biri kimi bir qrup nigeriyalının futbolçu adı ilə Gəncəyə gətirilməsi, belədə gəncəli azarkeşlərin pul yeyintisinə qarşı etiraz etməsidir...

- Erkinin Nigeriyadan gətirdiyi futbolçuları bilmirəm. 12 futbolçu göndərilib, onların arasında bəyəndiklərim də var idi. Hər kəsin futbola öz baxışı var. İndi Nigeriyadan və ya haradan gətirib… Bir komandadan 10-12 futbolçu göndərilib əvəzinə 10-15 futbolçu gəlirsə, deməli, bu komandada maliyyə fırıldağı var. Bunu bilməyə nə var ki? İndi bunu kim edib, necə edib, mən bilmirəm. Bilmirəm deyəndə, əvvəl olanları danışsam, gərək futbolumuz partlaya. Deyir, Aşıq gördüyünə çalır, mən də gördüklərimi görmüşəm. Erkin İbrahimov necə gətirib, kimi gətirib… Yenə deyirəm, orada seleksiya işini də aparıblar. Hazırda gördüyümüz Azərbaycan çempionatına uyğunlaşmış futbolçuları var idi ki, onlardan saxlamaq olardı. Yenə deyirəm ki, fərqli baxışlar var. Nəyə görə saxlamadıqlarını bilmirəm. Amma Erkin Nigeriyadan gətirib, Namiq müəllim də “Bu nədir, pis işləyirsiniz və s. deyibsə... Elə Qədirovun özünün də getdiyini deyirlər. Çempionatın başlamasına bir aydan az vaxt qalıb, amma komanda hələ də komplektləşməyib. Bunlar bir yerdə nə vaxt oynayacaqlar? 2-3 yoxlama oyunları var. Onda bilinəcək ki, bunlar nəyə qadirdir. Müəyyən şeylər var ki, onlardan soruşmaq lazımdır. Erkin İbrahimova sual vermək lazımdır ki, gəldiyin ayyarım idi, niyə çıxıb getdin? Gəlib iclasda oturdun, danışdın-elədin. Getmək səbəbini de. Hünəri varsa, elə şəffafdırsa, desin ki, bu səbəblərə görə çıxıb getmişəm. Təəssüflər olsun ki, onu da heç kim demir. Biz deyirik, sonra da deyirlər ki, çox danışırsınız. Buna görə də bizə iş verən yoxdur. Sözün düzünü deyəndə heç kim yaxın qoymur. Hamıya acı gəlir. Kimə sual versəniz ki, yaltaqdan xoşunuz gəlir? Bir nəfər də olsa deməz ki, mən yaltağı çox istəyirəm. Hamı deyəcək ki, zəhləm gedir. Amma gözlərinin içinə qədər yalan deyirlər. Hamısı ölür yaltaqdan ötəri. O suala elə özü cavab verə bilər. Təbii ki, ona insafı və vicdanı imkan verirsə. İşdən çıxma səbəbini desin, kimlə danışıb, nəyə görə danışıb, nəyə görə çıxıb. Bu suallara o, aydınlıq gətirə bilər. Yenə deyirəm, o qədər futbolçunun getməyi və gəlməyində yeyinti məsələsi var. Maliyyə yeyintisi. Vəssalam!

- ⁠Gəncəli veteran futbolçuların, başda Mehman Allahverdiyev olmaqla, Bakıdan gələnləri "Kəpəz"də işləməyə imkan vermədikləri nə dərəcədə doğrudur?
- ⁠Veteranlar imkan vermirdilər söhbəti deyil. Oturub düzgün işləsinlər, maliyyə fırıldağı etməsinlər. Bu barədə çox danışmışam, yaralı yerimdir. Üçüncü mövsümdür komanda Premyer Liqada çıxış edir, hələ uşaq futboluna bir "mayka", düz-əməli bir idman ləvazimatı alınmayıb. Hərəsi bir forma ilə gedib-gəlirlər. Uşaq futboluna ayrılan pullar bir yana, oyunçu transferlərində maliyyə fırıldaqları olmasa, heç kim nə isə deməz. Yeni rəhbərliklə görüşdə də bu barədə danışan mən olmuşdum. Namiq Qədirova demişdim ki, düzgün futbolun necə olmalıdır. Şəffaflıq olmasa, veteranlar yenə onlara müxalif olacaqlar. Nə qədər danışdıq, amma onlar hələ də cavab vermirlər. Birinə cavab verən yoxdur ki, Vidadi bunu səhv deyir. Deməli, düzəm, həmişə düz demişəm. Veteranların onların heç biri ilə qəsd-qərəzliyi yoxdur. Veteranlar olaraq, sədr Tofiq Əliyev də daxil olmaqla, yığışıb gedişat barədə mütəmadi danışırıq. “Kəpəz” futbol klubu oyuncaq deyil, Azərbaycan futbolunda sözünü demiş, SSR dövründən qalan komandalarımızdan biridir. Azarkeşlər də düzünü yazır: Şəffaf işləmək lazımdır. Yeyinti, yeyib-dağıtmaq lazım deyil. Ona görə də düzgün işləyə bilmirlər. Kim hədə-qorxu gəlir, tez qaçıb pul verirlər ki, sən canın, bizdən danışma. Halbuki, o pul klubun şəxsi vəsaitidir. Məsələn, mən orada rəhbər işləsəm və yeyintim, əclaflığım olmasa, kim məndən gəlib pul ala bilər? Uzaqbaşı öz maaşımla hörmət edə bilərəm. Klubun pulunu hansı ixtiyarla ora-bura xərcləyim, özüm də yeyim, amma heç kəs mənə dəyməsin? Belə futbol olmur. Gələn baş məşqçilərin hamısı yaxşı idi. Yaşar Vahabzadədən tutmuş, Azər Bağırov, Adil Şükürova qədər. Bir baş məşqçi 5-6 ay işləyir və komandanı elitada saxlayır, iki ay sonra isə pis adı ilə yola salınırlar. Deyək ki, pisdir, elə isə maliyyə yoxdursa, 7 futbolçunu necə götürmüsünüz? Adil müəllimə deyirsiniz lo, pul yoxdur, düzəldə bilmirəm. Bunlar İlqar Nadiriyə aiddir. Yeni rəhbərlik hələ “bismillah” etməyib, indidən “yarpaq tökümü” başlayıb. İlqar Nadiri sən deyirsən, pul yoxdur, amma harada zəif, yaramayan futbolçular varsa onları gətirirsən. Bir çempionatda 15 legioner gətirib, sonra yola salıb başqa partiya gətirirsən. Belə futbol olmur axı. Gələn baş məşqçi komandanı Premyer Liqada saxlayır, sonra çıxır gedir ki, mənlik deyil. "Bacarmıram, bunlarla yola getmək çətindir" söyləyir. Deməli, oradan kim getməlidir? Təbii ki, rəhbərlik dəyişməlidir. “Kəpəz” veteranları, səmimi olan azarkeşləri yaxşısını istəyirlər. Onlar hədə-qorxu yox, tənqid edirlər. Başa salırlar ki, belə futbol olmur. Ən savadlı azarkeşlər bəlkə də Gəncədədirlər. Bizim klubla düşmənçiliyimiz yoxdur. Tərlan Əhmədov, Ceyhun Tanrıverdiyev, Ədahim Niftəliyev və mən işlədik, komandanı alnıaçıq tərk etdik. Bir nəfər deyə bilməz ki, bu adamlar filan maliyyə fırıldağı etdilər. Amma bu məşqçilərə olmasa da, rəhbərliyə demək olar.

- ⁠İndi də rəhbərlik yerində deyil?

- Tərlan Əhmədovun da, Yaşar müəllimin də vaxtında orada işləmişəm. Təsəvvür edirəm, Tərlan müəllimlə evdə oyunu uduruq, qalib gəlirik, amma azarkeşlər "istefa" qışqırırlar. Onun hamısını edən rəhbərlikdir. Yenə kiminsə əli ilə transfer edib pul yesinlər. Biz də onlara maneçilik törədirik. Kimlərisə öyrədirlər, bizə istefa qışqırırlar. Harada görünüb ki, komandanı Premyer Liqada saxlayasan və qələbə qazandığın oyunda sənə istefa qışqırsınlar? Çünki Tərlan Əhmədov istədiyi oyunçuların siyahısını yazıb vermişdi, o da onlara sərf etmirdi. Deməli, bu, maliyyə fırıldağıdır. Açın, statistikaya baxın, “Kəpəz”ə nə qədər futbolçu gedib-gəlir. Çoxu da legionerdir. Zəif maliyyəsi olan komanda birdən-birə bu qədər oyunçu dəyişər?! O boyda legioner də gətirməz, üstünlüyü yerli oyunçulara verər. 3 - 5 mövqeyə gətirər, bəs edər. Nə qədər demək olar ki, rəhbər o deyil. Hara lazımdır demişik, yenə xeyri yoxdur.