BAKI, 13 iyul. TELEQRAF

Məşhur futbolçu Anxel Di Mariya yeni klubu “Rozario Sentral”da keçirdiyi ilk matçında zədələnib.

Teleqraf xəbər verir ki, Argentina çempionatında "Rozario Sentral"la “Qodoy Kruz”un oyununda bərabərlik qeydə alınıb (1:1).

Oyunun 79-cu dəqiqədə Di Mariya penaltini qola çevirib, 10 dəqiqə sonra isə futbolçu zədə səbəbindən əvəzlənib. Ulduz oyunçunun zədəsi ciddi olduğundan, meydanı xərəkdə tərk edib.

Di Mariya Argentina klubunun akademiyasının yetirməsidir. O, 2006-2007-ci illərdə “Rosario Sentral”ın əsas komandasında çıxış edib.

Qeyd edək ki, 37 yaşlı yarımmüdafiəçi Avropada “Benfika”, “Real Madrid”, “Mançester Yunayted”, PSJ və “Yuventus”da çıxış edib.